İgid əsgərimizin üçəmləri : Mehriban, Polad və Mübariz mərkəzimizdə dünyaya gəldi.

Murov zirvəsi düşməndən azad edildiyi gün cəbhədə döyüşən zabitimizin üçəm körpələrinin dünyaya gəlmə sevincini Bakı Sağlamlıq Mərkəzində yaşadıq. 27 sentyabrda Azərbaycan Ordusu cəbhəboyu zonada baş verən düşmən hücumlarının qarşısının alınması məqsədi ilə uğurlu əks-hücum əməliyyatlarına başlamış, Murov zirvəsini və bir neçə kəndlərimizi işğaldan azad etmişdir. Bu döyüşdə iştirak edən qəhrəman Azərbaycan Ordusunun kiçik çavuşu Nadir İbadovun məhz sentyabr ayının 27-sində mərkəzimizdə iki gələcəyin əsgəri oğlan və bir qız olmaqla üçəm övladları dünyaya gəlmişdir. Ata İbadov cəbhədə gedən döyüşlərdə iştirak etdiyi üçün uşaqları ilə ilk tanışlığı bir həftə sonra, 4 oktyabr tarixində olmuş və cəsur çavuşumuz ailəsini mərkəzimizə əmanət edərək yenidən cəbhə xəttinə xidmətə geri döndü. Ana Nəzrin İbadova bildirdi ki, qız övladlarına ölkənin birinci xanımı Vitse Prezident Mehriban xanım Əliveyanın adını, oğlan övladlarına isə uşaqların qədəmləri cəbhədə baş verən döyüşlərdə qazandığımız ilk qələbə gününə təsadüf etdiyi üçün birinə şəhid general-mayor Polad Həşimovun adını, digərinə isə Milli Qəhrəman Mübariz İbrahimovun adını vermək qərarına gəliblər. Hazırda körpələrin Yeni doğulanların intensiv terapiyası bölməsində müalicələri davam edir. Silahlı Qüvvələrimizin xalqımızın haqqı olan qələbəni bəxş edəcəyinə və torpaqlarımızın tam şəkildə azad olunacağına inanırıq. Arzu edirik ki, üçəmlərimizə sağlam və firavan gələcək nəsib olsun. Atalarının adına, eləcə də daşıyacaqları ada layiq, vətənə xeyirli övladlar olsunlar. Vətən sənə, övladların bizə əmanətdir, igid əsgər! Atanın körpələrlə ilk tanışlığı zamanı sevincli anları Sizlərə təqdim edirik.

Diqər xəbərlər